Bloq

Ramazanda qidalanma necə olmalıdır?

Şirzad İsmayılov
Şirzad İsmayılov01.06.2026
Ramazanda qidalanma necə olmalıdır?

Bir çox insan Ramazan ayında edilən qidalanma səhvləri səbəbindən aclığını idarə edə bilmir. Əsəbi və halsız vəziyyətdə immunitetləri azalır. Ramazanda balanslı qidalanma ilə sağlamlığınızı və çəkinizi qoruya bilərsiniz.

Su çox vacibdir. Uzun oruc müddətində bədənin ən çox ehtiyac duyduğu maddə sudur. Ramazanda ən çox rast gəlinən problem bədəndə su çatışmazlığıdır. İftardan sahura qədər 2-2,5 litr su için.

Sahurda karbohidrata diqqət edin. Zülal qəbul edərkən karbohidratı az qəbul etməyə çalışın. Qlikemik indeksi az olan karbohidratlara üstünlük verin: tam buğda çörəyi, çovdar çörəyi, yulaf. Ağ un məmulatlarından uzaq durun.

Sahurda sağlam yağlardan istifadə edin: qoz, badam, fındıq, avokado, zeytun. Ürək, diabet və qan təzyiqi xəstələri marqarin və kərə yağı kimi doymuş yağlardan uzaq durmalıdır.

Ramazanda vitamin qəbulu azalır. Tərəvəz, meyvə və göyərti qəbulu azaldığı üçün vitamin və mineral çatışmazlığı yarana bilər. Sahurunuza meyvə, tərəvəz və göyərti əlavə edin.

İftarda ən böyük səhv uzun aclıqdan sonra sürətli və çox qida qəbuludur. Bu, həzmsizlik, mədə və bağırsaq qazı yaradır. Yeməyi yavaş-yavaş yeyin. İftarı şorba ilə açın, 10 dəqiqə sonra əsas yeməyə keçin.

Zülallar bədənin ən çox ehtiyac duyduğu qidadır. İftarda keyfiyyətli zülal mənbələri qəbul edin: toyuq, balıq, hinduşka, paxlalı, yumurta. Mövsümi tərəvəz və salatları əlavə edin.

Verdiyim məsləhətləri tətbiq edə bilmirsinizsə professional dəstək almağınız məsləhətlidir. Hamıya xeyirli Ramazanlar!